AVRO-2020 rəqəmlərdə: Ən yaxşılar, rekordlar, yubileylər

İyl12,2021

İngiltərə millisi futbol üzrə Avropa çempionatları tarixi ərzində 2 qolla qrup birincisi olmuş ilk komandadır.

“Report”un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, həm İngiltərə, həm də finaldakı rəqib İtaliya yığması qrup oyunlarında uduzmayıb. Daha əvvəl bunu cəmi 4 cütlük bacarıb.

İsveçrə seçməsi Avropa çempionatları tarixində cəmi 3 dəfə pley-off oynayıb. Kollektiv hər 3 qarşılaşmanı penaltilər seriyasına daşıyıb. Vladimir Petkoviçin başçılıq etdiyi yığma AVRO-2020-dək heç vaxt qitə turnirinin final mərhələsində 3 qol vurmayıb. İsveçrəlilər bu turnirdə Türkiyə və Fransa ilə matçlarda tilsimi sındırıblar.

Ukrayna ilə 1/4 final oyununda 4:0 hesablı qələbə qazanmış İngiltərə millisi DÇ-1966-dan bəri böyük turnirin pley-off matçında ilk dəfə 4 qol vurub. Bundan başqa, Britaniya təmsilçisi AVRO-2020-nin startından etibarən ardıcıl 5 oyunda qapısını toxunulmaz saxlayan yeganə kollektivdir.

İspaniya yığmasının 1/8 finalda Xorvatiya üzərində 5:3 hesablı qələbə qazandığı oyun Avropa çempionatları tarixində ən çox qolun vurulduğu 2-ci qarşılaşma kimi yadda qalıb. Pireneylilər ötən gecə başa çatmış turnirdə 13 dəfə fərqləniblər. Bu isə turnirin final mərhələlərində ən yüksək göstəricidir.

Portuqaliya seçməsi indiyədək qatıldığı 8 Avropa çempionatının hamısında qrupdan çıxaraq, 100 faizlik nəticə göstərib. Yığmanın kapitanı Kriştianu Ronaldu isə Avropa çempionatlarında daha 2 rekorda imza atıb. 36 yaşlı hücumçu ardıcıl 5 qitə turnirində iştirak edən və qol vuran yeganə futbolçu olub. O, həmçinin final mərhələlərində 14 dəfə fərqlənməklə yeni rekord müəyyənləşdirib.

AVRO-2020-nin qalibi İtaliya millisinin 1/4 finalda Belçika üzərində 2:1 hesablı qələbəsi Apennin təmsilçisinin seçmə mərhələ də daxil olmaqla, turnir ərzində ardıcıl 15-ci qalibiyyəti olub. Yarımfinalda İspaniya ilə heç-heçə (1:1) “Skuadra Adzurra”nın seriyasına son qoyub. Roberto Mançininin rəhbərlik etdiyi komanda son 34 oyunda məğlubiyyət üzü görməyib.

Qrup mərhələsinin iyunun 23-də keçirilmiş son 4 oyununda 18 qol qeydə alınıb ki, bu da Avropa çempionatları tarixində bir gündə vurulmuş ən çox qol sayıdır.

Harri Keyn İngiltərə yığmasındakı son 25 qolunu rəsmi matçlarda vurub.

1/8 finalda Uelsi 4:0 hesabı ilə məğlub etmiş Danimarka millisi 1992-ci ildə Almaniyaya qalib gələrək çempion olduğu turnirdən 29 il sonra ilk dəfə pley-off matçında qələbə qazanıb. Skandinaviyalılar qrupdakı ilk iki oyunda uduzaraq yarımfinaladək irəliləyən ilk kolektiv kimi tarixə düşüb.

Fransa millisi Antuan Qrizmannın qol vurduğu 34 oyunun heç birində uduzmayıb. İsveçrə ilə 1/8 final matçı (3:3) “xoruzlar”ın 61 ildən sonra 3 qol buraxdığı ilk Avropa çempionatı oyunu olub. “Üçrənglilər” sonuncu dəfə 1960-cı ildəki turnirdə Yuqoslaviyaya 4:5 hesabı ilə uduzmuşdular.

İtaliya millisinin müdafiəçisi Corco Kyellini Avropa çempionatını qazanan ən yaşlı (36 yaş 331 gün) kapitan olub. Onun komanda yoldaşı Leonardo Bonuççi isə həlledici oyunda fərqlənən ən yaşlı (34 yaş 71 gün) oyunçu kimi tarixə düşüb.

İkinci dəfə Avropa çempionu olmuş İtaliya millisi 53 ildən sonra bu titulu qazanıb. Bu, istənilən yığmanın Avropa çempionatlarında qazandığı titullar arasında ən uzun fasilədir.

Fransaya qarşı qrup mərhələsinin oyununda dubl edən Kriştianu Ronaldu Portuqaliya yığmasında qollarının sayını 109-a yüksəltməklə iran millisinin sabiq hücumçusu Ali Daeinin rekordunu təkrarlayıb.

AVRO-2020-də ümumilikdə 142 qol vurulub ki, bu da hər oyuna orta hesabla 2,78 qol deməkdir və turnirin tarixində rekord göstəricidir.

İsveçrə millisinin hücumçusu Haris Seferoviçin 1/8 finalda Fransa yığmasının qapısına vurduğu ilk qol Avropa çempionatlarının yubiley – 800-cü qolu kimi əlamətdar olub. Turnirin 700 və 750-ci qolları da AVRO-2020-də qeydə alınıb. Yubiley qollarının müəllifləri müvafiq olaraq, Maykl Qreqoriç və Corcinyo Veynaldumdur. Hər iki top Şimali Makedoniya yığmasının qapısına vurulub.

Oxşar Xəbərlər