Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
“QİA.az”ın məlumatına görə, F qrupunda mübarizə aparan yığma Gürcüstanda təşkil olunan I dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.
Tbilisi Voleybol Arenasındakı görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yunanlar ilk setdə 25:21, ikinci setdə 25:19, üçüncü setdə isə 25:18 hesabı ilə üstün olublar.
Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür.
Qrupun digər qarşılaşmasında 4 xalla 2-ci sırada qərarlaşan Monteneqro ilk iki turdan sonra xalsız olan Gürcüstan seçməsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.