Avropa çempionatı: Güləşçilərimiz yarımfinala vəsiqə qazana bilmədi

Apr24,2021

Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

QİA.AZ-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Bazarov 1/4 final mərhələsində Qleb Makarankaya (Belarus) uduzub.

67 kq-da yarışan Namaz Rüstəmov 1/8 finalda Mete Nemesə (Serbiya) məğlub olub. Xasay Həsənli (72 kq) təsnifatda Valentin Petiçi (Moldova) mübarizədən kənarlaşdırsa da, 1/8 final mərhələsində Aleksandar Maksimoviçlə (Serbiya) bacarmayıb.

Tuncay Vəzirzadə (82 kq) eyni raundda Mixail Braduya (Moldova) qalib gəlib. O, 1/4 final mərhələsində Aivenqo Rikadzeni (Gürcüstan) büdrədə bilməyib.

Nəhayət, 97 kq-dakı Zamir Məhəmmədov 1/4 finala təsadüf edən görüşdə Balaş Kissə (Macarıstan) məğlub olub.

Həmin güləşçilər rəqibləri finala vəsiqə qazanacağı təqdirdə aprelin 25-də təsəlliverici qarşılaşmada iştirak edəcəklər.

Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda qarşılaşmada Fabian Şmittllə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.

Yarımfinallar saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.

Oxşar Xəbərlər