Xorvatiyanın Poreç şəhərində karate və para-karate üzrə Avropa çempionatında Azərbaycan milli komandası 7 medal qazanıb.
“QİA.az”ın Milli Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, karateçilər bir qızıl, iki gümüş və bir bürünc, para-karateçilər bir qızıl və iki bürünc medala sahib olub.
Karateçilərdən İrina Zaretska (68 kq) Avropa çempionu olub. Rafael Ağayev (75 kq) və Pənah Abdullayev (84 kq) gümüş, kumite komandası isə bürünc medal qazanıb.
Para-karateçilərə gəldikdə, Emilia Mitilinova qızıl, Sahib Əhədov və Eldar Əhmədov bürünc medala yiyələnib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov qitə çempionatının mükafatlandırma mərasimində iştirak edib. Tokio Yay Olimpiya Oyularında karate yarışlarını idarə etməyə dəvət alan beynəlxalq hakim və EKF Hakimlər komitəsinin üzvü Cahangir Babayev final görüşlərinin referiləri arasında olub. Karate çempionatında 47 ölkədən 513 karateçi, para-karatedə isə 15 dövlətdən 49 idmançı iştirak edib.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov yarış günlərində dəstək vermək üçün nümayəndə heyətinin yanında olub. Komanda ilə görüşdə F.Qurbanov qarşıdakı yarışlarda idmançılara uğurlar arzulayıb.
Bağlanış mərasimində EKF-in bayrağı növbəti Avropa çempionatının təşkilatçısı Türkiyə Karate Federasiyasının rəsmilərinə verilib.