Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Avropa Gənclər Parlamenti Azərbaycanın (AGP) təşkilatçılığı ilə 9-11 avqust tarixlərində Nabran qəsəbəsində gənclər arasında ekoloji maarifləndirmə və innovasiya düşərgəsi keçirilib.
QİA.az xəbər verir ki, 100 gəncin iştirakı ilə keçirilən tədbiri düşərgənin Baş Fasilitatoru İsmayıl Məlikov açaraq, AGP şəbəkəsinin fəaliyyət istiqamətlərindən birinin də ekoloji məsələlərin həllinə yönələn müzakirələrin təşkili olduğunu bildirib və iştirakçıları ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etməyə çağırıb.
Şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə fəal vətəndaşlıq, könüllülük, ekoloji maarifləndirmə və multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.
3 gün davam edən düşərgə Azərbaycanda və beynəlxalq miqyasda gənclərin ekoloji maarifləndirilməsi və onların ekoloji təşəbbüslərdə iştirak etməsi üçün bir platforma yaratmaq məqsədini daşıyıb. Düşərgə zamanı fəal və təşəbbüskar gənclər Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada Azərbaycanda baş verən mötəbər tədbirlər, o cümlədən, COP29 fonunda iqlim dəyişikliyinə qarşı kollektiv öhdəlik, yeni çağırışlar və 4 istiqamət üzrə təlimlərdə iştirak ediblər. Eyni zamanda, tədbir zamanı iştirakçıların rəsmi hissədən kənar asudə vaxtlarının təşkili üçün müxtəlif mədəni proqramları, axşam fəaliyyətləri keçirilib, iştirakçılar arasında beynəlxalq əməkdaşlıq və şəbəkələşmə imkanları təmin edilib.