Bu gün Tehranda keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı (Aİ) – İran onlayn biznes forumu Fransa, Almaniya, Avstriya, İtaliya səfirləri, habelə Aİ-nin ali nümayəndəsi Jozep Borrel tərəfindən boykot edilib.
“QİA.AZ” BBC-yə istinadən xəbər verir ki, bu addımın səbəbi şənbə günü İranda müxalifətçi jurnalist Ruhullah Zamın asılaraq edam edilməsidir. Həmin hadisə İranla Avropa ölkələri arasında diplomatik qalmaqala səbəb olub.
Ev sahibi isə tədbirin təxirə salındığını açıqlayıb.
Bir milyondan çox izləyicisi olan “Amad News” əks-hökumət saytının rəhbəri olan 47 yaşlı R.Zam 2017-2018-ci illərin etiraz aksiyalarına dair xəbərləri dərc etdirərək materiallar topladıqdan sonra Fransada slığınacaq almış, sonradan İraqda həbs edilərək İrana təhvil verilmiş və telefon appları vasitəsilə iğtişaş yaratmaqda ittiham edilmişdi.
Fransa hökuməti bu edamı “barbarlıq və qəbuledilməz” dəyərləndirərək İranın beynəlxalq öhdəliklərinə zidd olduğunu bildirib. Aİ də bu hadisəni sərt şəkildə qınayan bəyanat verib.