Avropa İttifaqı (Aİ) ölkənin şimalında serblərin yaşadığı bələdiyyələrdə son dövrlərdə atdığı addımlara görə Kosovo hökumətinə qarşı cəza tədbirlərini artıra bilər.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano deyib. Son günlərdə Serbiya və Kosovo arasında artan gərginliyi şərh edən Peter Stano bildirib ki, ötən il ölkənin şimalındakı gərginliyi azaltmaqla bağlı addım atmadığı üçün Aİ-nin Kosovoya tətbiq etdiyi cəza tədbirləri hələ də qüvvədədir. Əgər Aİ-nin bütün üzvləri razılaşarsa, tədbirlər daha da artırıla bilər. O deyib: “Həm Aİ, həm də Kosovonun bütün beynəlxalq tərəfdaşları Priştina administrasiyasını mənfi, birtərəfli və razılaşdırılmamış addımlar atmamağa çağırır. Kosovo hökumətinin bu mesajları eşidəcəyinə və vəziyyəti dəyişəcəyinə ümidvarıq”.
Xatırladaq ki, Kosovo hökuməti ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus bankın altı filialını və “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb. Həmçinin Mitrovitsada şəhəri ikiyə ayıran İbre çayı üzərindəki körpünün nəqliyyat vasitələrinin hərəkətinə açılması serblər tərəfindən narazılıqla qarşılanıb.