Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

Ölkəmizə işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Şarl Mişel burada nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb. Nazir Rəşad Nəbiyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycanda kosmik sahənin inkişafından bəhs edən Rəşad Nəbiyev qeyd edib ki, “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərinin Fransanın “Arianespace” şirkəti tərəfindən orbitə buraxılması ölkəmizin avropalı tərəfdaşlarla əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir. Nazir əlavə edib ki, “Azersky” – Yerin məsafədən müşahidəsi peyki 2014-cü ildə “Airbus Defence and Space” şirkətindən alınıb.

Rəşad Nəbiyev Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin “Azərkosmos” ilə Avropa Geostasionar Naviqasiya Xidməti (EGNOS) arasında əlaqələrin genişləndirilməsindəki səylərini yüksək qiymətləndirib. Qeyd edib ki, bu layihə ölkəmizin aviasiya, dənizçilik, nəqliyyat yolları, kənd təsərrüfatı, xəritəçəkmə, naviqasiya sahələrinə müsbət təsir göstərəcək.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu beynəlxalq tədbir barədə məlumat verən Rəşad Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli həmin konqresdə iştirak etməyə dəvət edib.

Görüş çərçivəsində ölkəmizdə kosmik sahənin yaradılması və inkişafı, “Azərkosmos”un fəaliyyəti ilə bağlı təqdimat nümayiş olunub. “Azərkosmos”un missiyasının dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri təqdim etmək olduğu, yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işlərin aparıldığı diqqətə çatdırılıb.

Nazir deyib ki, Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsi istiqamətində işlər davam edir.

Sonda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

Oxşar Xəbərlər