Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı və əhəmiyyətli görüşləri sübut etdi ki, Avropa İttifaqının (Aİ) əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir.
QİA.az xəbır verir ki, bu fikirləri Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tural Gəncəliyev deyib.
O, qeyd edib ki, rəsmi Berlin Avropa İttifaqında iqtisadi münasibətlərin, xarici siyasətin formalaşmasında əsas rol oynayır: “Hazırda Avropa İttifaqında digər bir güc mərkəzi hesab olunan Fransa, onun idarə etdiyi bəzi qüvvələr və BENİLÜKS ölkələri Azərbaycanla əməkdaşlığın əleyhinə çıxış edirlər. Buna baxmayaraq, Almaniya, Avropada həmişə söz sahibi olmuş və hətta siyasi maraqları zaman-zaman Fransa ilə toqquşmuş ölkə kimi Parisin hegemonluğunu rədd edir. Almaniya rəhbərliyi, rəsmi dairələri Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasından narazıdırlar. Onlar Fransanın destruktiv fəaliyyətini, Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq siyasətini rədd edirlər. Almaniya praqmatik siyasət yürüdən bir ölkə kimi İlham Əliyevlə dialoq təşkil edərək Fransaya göstərdi ki, Azərbaycan kimi önəmli bir ölkə ilə münasibətlərini Yelisey sarayındakı legiona görə qurmayacaq”.
T.Gəncəliyev hesab edir ki, Fransa və tərəfdarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası COP29 öncəsi daha da güclənib: “Almaniya Azərbaycanla iqlim müzakirəsi apararaq öz dəstəyini nümayiş etdirmiş oldu. Eyni zamanda, Almaniya artıq Cənubi Qafqazda formalaşmış geosiyasi reallığı qəbul edir, Aİ-nin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu və önəmini anlayır.
Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutub və Berlin şəhərində “15-ci Petersberq İqlim Dialoqu” keçirilib. Eyni zamanda, Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. Dövlət başçısının, həmçinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.