UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Türkiyə təmsilçiləri “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın da rəqibləri bəlli olub.
“Qalatasaray” “Ayaks”, “AZ Alkmaar” (hər ikisi Niderland), “Tottenhem” (İngiltərə), PAOK (Yunanistan), “Dinamo” (Kiyev, Ukrayna), RFŞ (Latviya), “Malmö” və “Elfsborq” (hər ikisi İsveç) klubları ilə qarşılaşacaq.
“Fənərbağça” “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Çexiya), “Lion” (Fransa), “AZ Alkmaar”, “Tvente” (hər ikisi Niderland), “Union” (Belçika), “Midtüllann” (Danimarka) və “Atletik” (Bilbao, İspaniya) ilə üz-üzə gələcək.
“Beşiktaş” isə “Ayntraxt” (Almaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Lion” (Fransa), “Malmö” (İsveç), “Budyo-Qlimt” (Norveç), “Atletik” (Bilbao, İspaniya), “Ayaks” və “Tvente”ni (hər ikisi Niderland) sınağa çəkəcək.
Hər üç komanda dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.
Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.