Azərbaycan diasporunun üzvləri Haaqada mina terroruna qarşı dinc etiraz aksiyası keçiriblər

Yan 28, 2024

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə Ermənistanın Niderlandın Haaqa şəhərindəki səfirliyi önündə dinc etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalı altında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan və bu gün də mülki şəxslərin ölümünə səbəb olan minaların xəritələrinin verilməməsinə etirazlarını bildiriblər. Onlar bu gün dünyada ən ciddi təhlükə olan mina terroruna son qoyulmasını tələb ediblər. 

Aksiya iştirakçıları mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, münaqişə zonalarında bu partlayıcılar çox sayda insan itkisinə səbəb olur və münaqişədən sonrakı yenidənqurma işlərinə maneə yaradır.

Haaqada Ermənistan səfirliyi qarşısında toplaşmış aksiya iştirakçıları “Ermənistanın minaları mülki şəxsləri öldürür”, “Azərbaycan sülh, Ermənistan müharibə istəyir”, “Ermənistan sülh seçimin rədd edir” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrinin verməyə çağırıblar. 

Aksiya iştirakçıları BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) onların haqq səsini eşidəcəyinə ümid edirlər. 

Aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini mina terrorunun planetimizin gələcəyi üçün çox ciddi təhlükə olmasına, Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və bu ölkədən Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməkdir.

Oxşar Xəbərlər