Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq.
QİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.
Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var”.