Azərbaycanda “Prius”ları əvəzləyəcək maşın modeli məlum olub

Apr1,2024

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan “Prius”ları əvəzləyəcək maşın modeli məlum olub.

QİA.az Oxu.az-a istinadla xəbər verir ki, bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan “Prius”ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət “Toyota Corolla Fielder” modelindən gedir.

Hibrid mühərriklə təchiz olunmuş “Fielder”ə hazırda Bakının küçələrində rast gəlmək mümkündür. Ehtimal edilir ki, istehsal tarixi “Prius”la müqayisədə daha təzə olan “Fielder”lərin tezliklə ölkəyə kütləvi axını gözlənilir. Çünki xaricdən maşın gətirən şirkətlərin nümayəndələri və fiziki şəxslər məhz “Fielder”lərin sifarişlərinin kəskin artdığını bildiriblər.

Qeyd edək ki, yeni qərara əsasən, bu il iyulun 1-dən etibarən istehsal ili 8 ildən çox olan avtomobillər taksi xidməti göstərə bilməyəcəklər.

Oxşar Xəbərlər