Azərbaycanda psixologiya sahəsində informativ PTSP.AZ saytı istifadəyə verilib

“For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının “Paşa Sığorta” ilə birgə həyata keçirdiyi “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsinin peşəkar təcrübənin artırılması komponenti üzrə təlim və sertifikatlaşma prosesləri uğurla yekunlaşıbaşa çatıb.

Təşkilatdan QİA.az-a bildiriblər ki, layihənin növbəti mərhələsində post travmatik stress pozuntusu barədə ətraflı məlumatı özündə ehtiva edən, həmçinin təlimləri uğurla başa vurmuş yerli psixoloqların icma platformasını təşkil edən PTSP.AZ saytının təqdimatı keçirilib. Tədbirdə layihə iştirakçıları və təlimləri uğurla başa vurmuş beynəlxalq sertifikatlı psixoloqlar iştirak ediblər.

“For Azerbaijan” Beynəlxalq təşkilatının proqramlar üzrə direktoru Elnur Kələntərov iştirakçılara yeni yaradılmış saytın üstünlükləri və fərqli cəhətləri barədə geniş məlumat verib. Qeyd edilib ki, saytın əsas məqsədi Azərbaycanda beynəlxalq sertifikatlara layiq görülmüş psixoloqlar arasında təcrübə mübadiləsini gücləndirmək, post travmatik stress pozuntusundan əziyyət çəkənlərə dəstək vermək, onun haqqında ən səmərəli və təsdiq olunmuş müalicə metodları barədə informasiyaları ictimailəşdirmək, əhali arasında məlumatlandırmanı artırmaqdır.

Həmçinin saytda beynəlxalq sertifikat qazanmış psixoloqlar barədə ətraflı məlumat, bu sahədə müxtəlif resurslar və təcrübə mübadilələri barədə protokollar yerləşdirildiyini söyləyən Elnur Kələntərov onun test bölməsində müxtəlif ilkin psixoloji testlərin də istifadəçilərin ixtiyarına verildiyini bildirib.

İlk dəfə olaraq Azərbaycanda istifadəçilər üçün psixologiya sahəsində informativ və məlumatlandırıcı portal olan PTSP.az-da psixoloqlarla interaktiv və birbaşa əlaqə saxlamaq imkanları da yaradılıb.

Portalda post travmatik stress pozuntusundan əziyyət çəkənləri düzgün məlumatlandırmaq və istiqamətləndirməklə yanaşı, həm də bu xəstəliyin müalicəsində dünyada geniş tətbiq olunan koqnitiv işlənmə terapiyası və yazılı ekspozisiya terapiyası üsulları barədə geniş informasiyalar verilib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində uğurlu karyera qurmuş azərbaycanlılar tərəfindən təşkil olunan “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatı ölkəmizdə dövlət qurumları və özəl təşkilatlarla birgə gələcəyə yönəlik sosial, təhsil və səhiyyə sahələrində müxtəlif layihələri həyata keçirir.

Oxşar Xəbərlər