Azərbaycanın ilk uşaq televiziyası olan “ARB Günəş” 9 yaşında

Apr1,2024

Azərbaycanın ilk və yeganə uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci ildə fəaliyyətə başlayıb.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, doqquz illik fəaliyyəti dövründə telekanal efir vaxtını bütünlüklə uşaqlara həsr edir.

“ARB Günəş” azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri təqdim edir. Televiziyada yeni istehsal edilən cizgi filmlərini Azərbaycan dilində uşaqlara təqdim etmək məqsədilə peşəkar dublyaj studiyası fəaliyyət göstərir. “Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i internetdə də onlayn izləmək mümkündür.

Ötən müddət ərzində “ARB Günəş”in istehsalı olan “Biz gələcəyik”, “Mən məktəbli ikən”, “Xəbərdar ol”, “Bizim həyət”, eləcə də “ARB Media Qrup”a daxil olan digər telekanallarla, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn “Dostlar”, “Qiraətçi” və “Məktəblilər üçün oxu” verilişləri, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Təbiət və biz” verilişləri tamaşaçıların böyük rəğbətini qazanıb.

Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də sosial xarakterli bir sıra layihələrə imza atıb. “ARB Günəş” hələ Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizdən öncə “Onlar uşaqlığını yaşaya bilmir” adı altında cəbhə bölgəsində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb.

Televiziya ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” adlı aksiya təşkil edir. İstanbulda keçirilən V və VI “Beynəlxalq uşaq mediası konfransı”nda ölkəmizi “ARB Günəş” təmsil edib.

Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

Ölkənin ilk və yeganə uşaq kanalı olan “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlanır. Hazırda efirdə yayımlanan cizgi filmlərinin 85 faizini xaricdə istehsal olunan cizgi filmləri təşkil edir ki, bunlar televiziyanın nəzdindəki dublyaj studiyasında ana dilimizdə səsləndirilir. Yerli istehsala aid olan uşaq bədii və sənədli, eləcə də cizgi və animasiya filmləri ümumi proqramın 5 faizini əhatələyir. Ölkə ərazisində fəaliyyət göstərən tematik televiziya kanalları arasında “ARB Günəş” reytinqdə liderlik edir. ARB Günəşin dublyaj studiyasında ana dilimizdə səsləndirilən “Tayonun macəraları”, “Maskalı qəhrəmanlar”, “Köməyə tələsən itlər”, “Jet və onun dostları” animasiya filmləri uşaqlar tərəfindən maraqla izlənilir. Bundan başqa, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə Koreya Beynəlxalq Yayım Fondu ilə bağlanan müqaviləyə əsasən yayım hüququ “ARB Media Qrupa” məxsus cizgi filmlərinin Azərbaycanda ilk dəfə yayımı da “ARB Günəş”də həyata keçirilib.

Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir. Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “ARB Günəş” gələcəkdə maarifləndirici verilişlərin sayını artırmağı nəzərdə tutub.

Oxşar Xəbərlər