Azərbaycanlı Tələbələr və Məzunlar Platforması Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Dek 12, 2023

Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkəmizdə, eləcə də Türkiyə və Gürcüstanda 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Türkiyənin İstanbul, Gürcüstanın Tbilisi şəhərində ASAP nümayəndəlikləri tərəfindən 12 dekabr – Anım Günü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin bu şəhərlərdə yerləşən abidələri ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Ölkəmizdə isə xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbə və məzunların iştirakı ilə  “Tarixi xatirələrdə Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə ADA Universitetinin prorektoru, ASAP-ın sədri Fariz İsmayılzadə və ASAP-ın İcraçı direktoru Sevda Mansurova çıxış ediblər.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin əsasını qoyaraq bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılması və sistemli fəaliyyətin təmin olunması məqsədi ilə aidiyyəti icra orqanlarının yaradılmasını təmin edib. Qısa zaman ərzində gənclərin ölkənin ictimai-sosial həyatında aktiv iştirakçılığı təmin edilib, qəbul edilən Dövlət Proqramları gənclərin hərtərəfli inkişafına zəmin yaradıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət özünün yeni yüksəliş mərhələsinə qədəm qoyub ki, bu gün Azərbaycan gənclərinin həm ölkə daxilində, həm də beynəlxalq arenada əldə etdikləri nailiyyətlər bunun ən bariz göstəricisidir.

Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib. Ümummilli lider Heydər Əliyevlə birgə çalışmış siyasi xadim, sabiq baş nazir Həsən Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov və Azərbaycanın əməkdar artisti Tahir İmanov öz xatirələrini gənclərlə bölüşüblər.

Çıxış edən qonaqlar Ümummilli liderin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün atdığı addımlardan, ölkəmizin hərtərəfli inkişafı üçün həyata keçirdiyi fəaliyyətlərdən, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üzrə xidmətlərindən söhbət açıblar. Gənclərin hər zaman Ulu Öndərin qayğısı ilə əhatələndiyini qeyd edən çıxışçılar bu gün də Prezident İlham Əliyevin ölkə gəncliyinə verdiyi yüksək dəyəri diqqətə çatdırıblar. Ölkə xaricində təhsil alan Azərbaycanlı tələbə və məzunların  ixtisaslaşmış kadr kimi formalaşması və ölkəmizə qayıdaraq Azərbaycanın inkişafına öz töhfələrini vermələri bu diqqət və qayğının real təcəssümü kimi vurğulanıb.

Tədbir müzakirə formatında davam edib.

Oxşar Xəbərlər