İlk dəfədir ki, ordumuz yaranma gününü qalib Silahlı Qüvvələr kimi qeyd edir. Bu qələbənin əldə olunması üçün dövlətimiz tərəfindən son illər ərzində müdafiə və təhlükəsizlik xərclərinə böyük vəsaitlər ayrılması, yerli müdafiə sənayesinin yaradılması, müxtəlif tərəfdaş ölkələrlə hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığımız nəticəsində silahlı qüvvələrimiz ən müasir silah sistemləri ilə təchiz olundu. Bu isə sonunda ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti göstərdiyi qəhrəmanlıqlarla özünün qalib döyüşcü obrazını dünya ictimaiyyətinə, o cümlədən rəqiblərimizə də qəbul etdirə bildi.
Bunu “QİA.AZ“a hərbi ekspert Ədalət Verdiyev deyib.
Tovuz hadisələrindən sonra səfərbərlik xidmətinin önündə yaranan növbələri xatırladan Ə.Verdiyev bildirib ki, xalqımız da bu qələbənin əldə olunması üçün əlindən gələn dəstəyi əsirgəmədi:
“Orduya yazılan, lakin bu və ya digər səbəbdən orduya cəlb edilməyən heyətin cəbhəyanı ərazidə yaşayan mülki əhali ilə birlikdə orduya təmin və təchizat məsələlərində verdiyi dəstək də göz qabağında idi. Hər kəndin, qəsəbənin, rayonun azad edilməsi xalqımız üçün bir bayrama çevrilirdi. Müharibə zamanı şanlı Azərbaycan əsgəri üzərinə düşən bütün vəzifələrini şərəf, vicdan və dəqiqliklə yerinə yetirdi.
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti göstərdiyi qəhrəmanlıqlarla özünün qalib döyüşcü obrazını dünya ictimaiyyətinə, o cümlədən rəqiblərimizə də qəbul etdirə bildi. Təbii ki, Silahlı Qüvvələrimizin əldə etdiyi bu möhtəşəm qələbədə şəhidlərimiz və qazilərimizin misilsiz xidmətləri oldu. Vətən uğrunda qanını və canını əsirgəməyən Azərbaycan əsgərləri Azərbaycan tarixinin yeni bir səhifəsini açdılar. Bu səhifədə Azərbaycan xalqının adı böyük hərflərlə və şəhidlərimizin qanı ilə yazıldı. Şəhidlərimizin keçdiyi döyüş yolu bütün vətəndaşlarımız, xüsusilə də gənclərimiz üçün bir örnək oldu”.