Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

“Paris Olimpiadasında tarix yazacağıma söz verirəm”.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan boksçusu Malik Həsənov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Güclü rəqiblərlə qarşılaşsam da, hamısına qalib gəlməyi bacardım. Bura gəlmədən öncə söz vermişdim ki, Olimpiya Oyunlarına lisenziya qazanacağam. Bunu bacardım. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Boksçu 1/4 finalda Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.

Bu, boks üzrə Azərbaycan millisinin “Paris-2024”ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.

Oxşar Xəbərlər