Azərbaycan-Çin əməkdaşlığı: iqtisadi, mədəni və insanlar arasında mübadilələr – panel iclas

Aprelin 22-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfransın sonuncu panel iclası keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclas Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoyun moderatorluğu ilə baş tutub.

“Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr” adlı paneldə çıxış edən Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev Azərbaycanla Çin arasında 1992-ci ildən qurulan münasibətlərin yeni fazaya daxil olduğunu və əlaqələrin xalqlarımızın maraqları naminə inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, əməkdaşlıq dövlət başçılarının qətiyyəti nəticəsində yeni münasibətlərin inkişafına təkan verib.

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafik Abbasov bildirib ki, Ulu Öndərin 1992-ci ildə Çinə səfəri Çin üçün Azərbaycanın qapılarını açıb: “Bizim siyasi əməkdaşlığımızın əsas istiqaməti vahid Çin siyasətinin dəstəklənməsidir. Çin də öz növbəsində bu günə kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çin şirkətləri işğaldan azad edilmiş ərazilərə böyük maraq göstərirlər”.

Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunun direktoru Vanq Xaoçianq rəhbərlik etdiyi təşkilatın 2011-ci ildə fəaliyyətə başladığını xatırladıb. O bildirib ki, Konfutsi İnstitutunda 13 nəfər fəaliyyət göstərir. İki dövlət arasında əməkdaşlıq gündən-günə inkişaf edir: “Azərbaycanda kiçik yaşlarından etibarən Çin dilinə maraq göstərənlər əvvəlki illərdən çoxdur. Konfutsi institutu açılandan bəri burada 6000 tələbə təhsil alıb. Tərəfimizdən təşkil edilmiş 400-dən artıq tədbirdə çox sayda insan iştirak edib. Hər il 30-a yaxın uşaq Çinə təqaüdlə təhsil almağa göndərilir. Eyni zamanda, hər il 45-ə yaxın uşaq Çində yay məktəbində iştirak edir”.

Digər çıxış edən çinli qonaqlar Çin-Azərbaycan münasibətlərinin strateji mərhələdən planlı şəkildə gələcəyə doğru addımladığını bildiriblər. Çinin və Azərbaycanın ortaq istəyinin hərtərəfli əməkdaşlığı inkişaf etdirmək olduğunu bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Onlar, həmçinin Azərbaycanın qədim və müasir tarixindən bəhs ediblər və ölkəmizin çoxillik tarixə malik olduğunu vurğulayıblar, eyni zamanda, Azərbaycanın adının tarixi mənalarına diqqət çəkiblər.

Oxşar Xəbərlər