Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib – FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) adaptiv cüdo layihəsinə start verib.

QİA.az xəbər verir ki, bu barədə ACF-dən AZƏRTAC-a verilən məlumata görə, bu proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və özünə inamını artırmaq məqsədi daşıyır. Proqram cüdonun əsas dəyərlərini aşılamaqla, adaptiv cüdo təcrübəsi vasitəsilə fiziki fəaliyyəti, zehni rifahı və sosial inklüzivliyi təşviq edir.

Federasiya rəsmiləri ötən il adaptiv cüdonun uğurlu beynəlxalq təcrübəsindən yararlanmaq məqsədi ilə Niderlandın Venray şəhərində keçirilən “EJU Get Together” adaptiv cüdo turnirində iştirak ediblər. Bu ilin may ayında isə məşqçilər Rüfət İsmayılovla Samir İsmayılov Parisdə baş tutan adaptiv cüdo üzrə təlim-məşq toplanışına və məşqçilik seminarına qatılıblar. Hazırda isə Xorvatiyanın Velika-Qoritsa şəhərində keçirilən “Get Together 2024” adaptiv cüdo turnirində bilik və bacarıqlarını təkmilləşdirirlər.

Qeyd edək ki, hazırlıq çərçivəsində ACF artıq daun sindromlu uşaqların valideynləri ilə görüşüb. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ilk cüdo dərslərinin tezliklə başlaması planlaşdırılır.

Oxşar Xəbərlər