Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və dəstək heyəti, həmçinin idmançıları ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə ACF-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə federasiya rəhbəri komandanı, xüsusilə Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyevi (100 kiloqram) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş dünya çempionatında qazandıqları qızıl medal münasibətilə təbrik edib. O, dünya çempionatında 2 qızıl mükafatın əldə edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıb.

R. Nəbiyev bu əlamətdar nəticənin əldə edilməsində ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin və idmançılara göstərdiyi diqqət və qayğının önəmli rol oynadığını qeyd edib. Həmçinin o bildirib ki, ölkə rəhbərliyinin hər iki idmançımızı təbrik etməsi onları “Paris-2024” Yay Olimpiya Oyunlarında və digər yarışlarda yeni qələbələr hədəfləməyə ruhlandırıb.

ACF prezidenti bu əlamətdar nəticələrin əldə edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, federasiyanın fəaliyyəti təkcə medal qazanmağa nail olmaq deyil, həm də cəmiyyətə müsbət və faydalı mesajların çatdırılmasına yönəlib. Bunun nümunəsi olaraq o, ACF-nin təşəbbüsü ilə həyata keçirilən “Qızlara Ağ Yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kimi müxtəlif kampaniyaları xatırladıb. Bu təşəbbüslər uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin aşılanması, cəmiyyət üçün layiqli və sağlam nəslin yetişməsinə töhfə vermək məqsədi daşıyır.

Görüş zamanı Olimpiadaya hazırlıqla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılıb. Bildirilib ki, Fransanın paytaxtına yekun və intensiv hazırlıq prosesi çərçivəsində idmançılar Quba, Poreç (Xorvatiya), Bakıda, daha sonra isə Benidormda (İspaniya) təlim-məşq toplanışında iştirak edəcəklər. Qeyd edilib ki, bu düşərgələr idmançıların bacarıqlarını və ümumi performansını artırmaq, onların qarşıdakı Olimpiya Oyunlarında ən yüksək hazırlıq səviyyəsində olmasını təmin etmək üçün nəzərdə tutulub.

R. Nəbiyev yekunda qarşıdan gələn “Paris-2024”də mübarizə aparacaq milli komandaya uğurlar arzu edib və Azərbaycan cüdoçularının qaliblər sırasında olacağına inandığını bildirib.

Oxşar Xəbərlər