Azərbaycan dili üzrə sertifikat alan şəxslər növbəti imtahandan azad olunacaqlar

“2017-ci ildən dil biliklərinin artırılması istiqamətində işlər aparılır. Bu yöndə aparılan qiymətləndirmələrə görə, bu gün 11-ci sinfi bitirənlərin xarici bilikləri B1 səviyyəsindədir”.

QİA.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən Azərbaycan dili üzrə sertifikasiya imtahanının modelinin təqdimatı mərasimində məlumat verib.

O bildirib ki, CEFR (The Common European Framework of Reference for Languages) standartları çərçivəsində 2023-cü ilin statistikasına görə, altı il ərzində aparılan dil biliklərinin səviyyəsinin artımı özünü göstərir:

“Biz istərdik ki, riyazi biliklərin də səviyyəsi artsın, amma təəssüf ki, hazırda elə deyil. 11-ci siniflərin riyazi bilik səviyyəsi ürəkaçan səviyyədə deyil”.

“CEFR çərçivəsində magistratura qəbulu zamanı nəticələr B+ səviyyəsini göstərir. Ümumiyyətlə, CEFR standartları çərçivəsində keçiriləcək imtahanlar imkan verəcək ki, hər kəs öz bilik səviyyəsini yoxlasın. Bu imtahanlardan keçən və sertifikat alan şəxslər isə növbəti imtahandan azad olunacaqlar. Amma bu imtahanı kütləvi şəkildə keçirib hüquqi müstəvidə qərar vermək üçün hazırda bizdə kifayət qədər data yoxdur. İlkin pillədə ən azı 2-3 min adamın bu imtahanı verməsi lazımdır ki, biz nəticələri yoxlayaq. Nəticələrdən asılı olaraq, biz deyə biləcəyik ki, TOEFL, IELTS analoqu olan Azərbaycan dili imtahanımız var.

Qeyd edim ki, bu imtahanlar onlayn olacaq və şəxslər anonim şəkildə bu imtahandan keçə biləcəklər”, – sədr qeyd edib.

Oxşar Xəbərlər