Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib.
Qia.az xəbər verir ki, tədbirdə Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolundan bəhs edib. “Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir,” – deyə o qeyd edib.
Sabitova bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanıb və bu, Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm rol oynayır. “Hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu kontekstdə QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr, o cümlədən https://qerbiazerbaycanirsi.az (https://westernazheritage.com) elektron bazası və “Danışır tarix” filmi, milli irsimizin təbliği və qorunması üçün mühüm addımlardır”, – deyə Sabitova əlavə edib.
Elektron bazada tarixi abidələr haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bazada yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi mövcuddur. Hazırda 250-yə yaxın abidə haqqında məlumat bazaya daxil edilib. Sonra “Danışır tarix” filmi nümayiş etdirilib və iştirakçılar arasında geniş müzakirələr aparılıb. “Danışır tarix” filmi “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi abidələrdən bəhs edir.