Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “QİA.az”a bildirilib ki, aprel ayının 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış edib, Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.
Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanıb.
Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, ikimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitələrə baxış keçiriblər. Hərbi hissəyə su və elektrik xətləri çəkilib, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilib, istilik təchizatı üçün qazanxana tikilib. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınıb.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ