Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.
On minlərlə gəncin iştirakı ilə təşkil edilən festivalın həyata keçirilməsində əsas məqsəd ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin qürurlu vətəndaşları olan gənclərin sevinc dolu 2023-cü ili yola salmaq və gələcək zəfərlər uğrunda dövlətin siyasi kursu ilə Azərbaycan gənclərinin həmrəyliyini dünyaya nümayiş etdirmək idi.
Festivalda iştirakçılar arasından söz alan gənclər təşkilatlarının üzvləri, qazilər, idmançılar, yaradıcı gənclər, könüllülər bugünkü uğurlarımızın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kursun, o cümlədən gənclər siyasətinin durduğunu vurğulayıblar. Ölkə gəncləri üçün bütün istiqamətlərdə yaradılan geniş imkanların gənclərin hərtərəfli inkişafına və müasir Azərbaycanın dövlətçiliyinin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Yaradılan imkanlardan faydalanan və milli maraqlar ətrafında sıx birləşən Azərbaycanın vətənpərvər gəncləri fəaliyyət göstərdikləri istiqamətlər üzrə ölkəmizin inkişafında və dövlətimizin qüdrətlənməsində aparıcı qüvvəyə çevriliblər. Azərbaycan gəncləri dövlət başçısının yürütdüyü siyasətlə həmrəy olduqlarını, siyasi kursunu dəstəklədiklərini və bundan sonra da dövlətin strateji inkişaf xəttinə sadiq qalacaqlarını vurğulayıblar.
Gənclər fürsətdən istifadə edib, dövlət başçısını doğum günü münasibəti ilə təbrik edib, ona öz xoş və səmimi arzularını çatdırıblar.
Çıxışlara yekun olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan gəncləri adından Prezident İlham Əliyevin siyasətinə dəstək bəyanatı səsləndirilib, xalqımızın həmrəylik və Yeni il bayramı təbrik edilib.
Festival ərzində gənclər sevə-sevə dinlədikləri Xalq artistləri Röya Ayxan və Miri Yusif, bəstəkar-müğənni Murad Arif, müğənnilər İlhamə Qasımova və Hiss, həmçinin DJ Kənan “Drums”ın ifasında mahnıların və oynaq musiqilərin sədaları altında rəqs edərək şənləniblər.