Azərbaycan güləşçiləri dünya çempionatında çıxış edəcəklər

Azərbaycan güləşçiləri İspaniyanın Pontevedra şəhərində keçiriləcək U-20 dünya çempionatında iştirak edəcəklər.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 700-ə yaxın idmançının mübarizə aparacağı yarışın ilk günlərində yunan-Roma güləşçiləri çıxış edəcək.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Rahim Həsənov (55 kiloqram), Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Təvəkgül Həziyev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Cocu Səmədov (87 kiloqram), Mikayıl İsmayılov (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) təmsil edəcəklər.

Daha sonra böyük məşqçi Rövşən Umudovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilər xalçaya çıxacaqlar. Heyətdə Aysel Məmmədzadə (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Günay Qurbanova (62 kiloqram) yer alıb.

Yarışın sonlarında estafet sərbəst güləşçilərə keçəcək. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun tapşırıqlarını Bəşir Verdiyev (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Ayxan Abdullazadə (65 kiloqram), Omar Gülməmmədov (70 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Emin Qocayev (79 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Xetaq Karsanov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) uğurla yerinə yetirməyə çalışacaqlar.

Dünya çempionatında Azərbaycanın I kateqoriyalı hakimləri Elman İsmayılovla Bəşir İsazadə ədaləti qoruyacaq.

Dünya çempionatı sentyabrın 2-dən 8-dək keçiriləcək.

Oxşar Xəbərlər