Azərbaycan idmançısının mübarizliyi – Qızıla bərabər gümüş medal -FOTOLAR

Azərbaycan komandası Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ötən gün növbəti medalı rəsmiləşdirdi. Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) yalnız finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxdı. Amma 24 yaşlı idmançı Olimpiadada təkcə gümüş mükafat deyil, həm də minlərlə insanın sevgisini və rəğbətini qazandı.

Mübarizəyə 1/8 finaldan başlayan taekvondoçumuz ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəldi. Ardınca isə ispaniyalı Adrian Visenteni mübarizədən kənarlaşdıran Qaşım yarımfinalda Vito Akvilaya rəqib oldu. İtaliyalı taekvondoçu da idmançımızın finala gedən yolunu kəsə bilmədi. Nəticədə taekvondoçumuz karyerası ərzində ilk dəfə qatıldığı Olimpiya Oyunlarında həlledici görüşə vəsiqə əldə etməklə kifayət qədər ciddi uğura imza atdı.

Onu finalda Cənubi koreyalı Park Taejunla qarşılaşma gözləyirdi. Maqomedovun finaladək keçirdiyi döyüşlər və bir neçə ay öncə beynəlxalq turnirdə məhz bu rəqibi məğlub etməsi onun qızıl medal qazanacağına dair ümidləri haqlı olaraq artırırdı. Lakin görüşün əvvəlində ayağından ciddi zədə alan taekvondoçumuz istədiyi kimi mübarizə apara bilmədi. Bununla belə, əsl əzmkarlıq sərgiləyən Azərbaycan idmançısı təslim olmaq fikrində deyildi. Bir neçə dəfə həkimlərin müdaxiləsinə ehtiyac duyan Maqomedov hər dəfə ayağa qalxıb rəqibə layiqli müqavimət göstərməyə çalışırdı. Amma ağır zədə Qaşıma bundan artığını etməyə imkan vermədi. O, ikinci hissədə döyüşü davam etdirə bilmədi və hakimlərin qərarı ilə məğlub elan edildi. Düzdür, Qaşım Maqomedov Paris Olimpiadasında qızıl medal qazana bilmədi. Amma bütün dünyaya Azərbaycan idmançısının iradəsini və mübarizliyini nümayiş etdirdi.

Final döyüşü ilə bağlı bir məqamı da qeyd etmək yerinə düşər. Cənubi koreyalı Park Taeçjun Qaşım Maqomedovla görüşdə idman prinsiplərini kobud şəkildə pozdu. O, ağrıdan ayaq üstə dayana bilməyən taekvondoçumuza yerə yıxılarkən bir neçə zərbə endirdi. Təbii ki, Park Taeçjunun bu hərəkəti cavabsız qalmadı. Arenaya toplaşan minlərlə azarkeş koreyalı idmançını fitə basdı. Finalda uduzan Azərbaycan taekvondoçusu isə ayaqüstə alqışlandı ki, bu da onun üçün Olimpiya çempionluğundan daha dəyərlidir.

Ötən günə kimi dünya mətbuatı Parisdə qoruyucu dəbilqə və ya xüsusi eynək olmadan bir əli cibində gümüş medal qazanan türkiyəli güllə atıcısı Yusuf Dikəcdən bəhs edirdisə, artıq o siyahıda Qaşım Maqomedovun da adı var. Dünyanın aparıcı idman nəşrləri taekvondoçumuzun dünənki əzmkarlığından yazır.

Bir sözlə, Azərbaycan taekvondoçusu öz mübarizliyi və qətiyyəti ilə Olimpiya zirvəsini olmasa da, milyonlarla insanın qəlbini fəth etdi.

Oxşar Xəbərlər