“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan Respublikası arasındakı iqtisadi əlaqələr əvvəlki illər ərzində kəskin turist axını ilə səciyyələndi. Əlbəttə, növbəti illərdə bu potensialın daha da yeni biznes imkanları, iqtisadi inkişaf perspektivləri açacağını gözləsək də, məlum pandemiya səbəbindən mövcud reallıqlarla razılaşmalı olduq”.
“QİA.AZ” xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir.
“Bu, o demək deyil ki, cari il BƏƏ-Azərbaycan iqtisadi-ticari əlaqələrində tam passivliklə müşayiət olundu. Belə ki, 2020-ci ilin lap əvvəlində mühüm bir razılaşma əldə edildi. Yanvarın 9-da Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihənin reallaşdırılmasına dair İcra müqaviləsi imzalandı. Bu baxımdan, saziş ölkələrimiz arasında mütərəqqi əməkdaşlıq üçün yeni perspektivlər açan böyük bir uğurdur”, – məlumatda qeyd olunub.
Səfirlikdən bildiriblər ki, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq davam etdirilib: “Belə ki, Dubayda “Azərbaycan kənd təsərrüfatı məhsullarının dequstasiyası yarmarkası” təşkil edilib. “Gulfood 2020” beynəlxalq ərzaq sərgisində Azərbaycan fəal iştirak edib”.
Cari ilin ilk on ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 33,417 mln ABŞ dollarına bərabər olub.
“Pandemiya ilə bağlı təhlükəsiz şəkildə vətəndaşların öz vətənlərinə qaytarılması prosesi də uğurla həyata keçirilmiş, bu sahədə də BƏƏ-Azərbaycan əməkdaşlığı öz töhfəsini verib.
2021-ci ilə təxirə salınmış Dubai EXPO sərgisində Azərbaycanın gözlənilən iştirakını və bu sərgidən faydalanmasını arzu edərək, Azərbaycana yeni-yeni uğurlar, firavanlıq və dayanıqlı iqtisadi inkişaf diləyirik”, – məlumatda deyilir.