Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

QİA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Hərbi Polis İdarəsində keçirilən görüşdə Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyev onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib. Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra qonaqlara Hərbi Polis İdarəsinin fəaliyyəti haqqında brifinq təqdim olunub.

Oxşar Xəbərlər