Azərbaycan hökuməti İndoneziyaya 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.
Bu barədə QİA.AZ-a XİN-dən məlumat verilib.
Bildirilib ki, yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə baş tutub.
İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlıq bildirilib.
Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə baş vermiş zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb.