Bu gün “Bakı Ekspo Mərkəzi”ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb.
“QİA.az” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. İqtisadiyyatımızın bütün sahələrində, o cümlədən aqrar sahədə dinamik inkişaf davam edir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi həmin ərazilərdə aqrar sahəni yenidən inkişaf etdirmək üçün böyük imkanlar yaradıb.
Kənd təsərrüfatında mütərəqqi innovasiya və texnologiyalardan daha geniş istifadənin təmin olunması əsas vəzifələrdəndir. Bu baxımdan müasir texnologiyaların və ən yaxşı təcrübələrin transferində beynəlxalq aqrar sərgilər böyük əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Stron bugünkü sərgini işgüzar əlaqələrin bərpa edilməsi və yeni əməkdaşlığın qurulması baxımından mühüm platforma adlandırıblar.
“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunur. “Caspian Agro 2021” sərgisində “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edir. “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilir.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonda aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlər nümayiş olunur. Belə ki, innovativ layihələr stendində gübrə və toxum səpən, eləcə də xəstəliyin yayıldığı sahələri müəyyən edən və dərmanlayan aqrodronlar təqdim edilir. Sərgi ziyarətçilərinə fermer və mexanizator arasında kommunikasiyanı idarə edən “AgroUber”, eləcə də aqrar mobil laboratoriya layihələri barədə də məlumat verilir. Həmçinin, açıq məkanda dağlıq və dağətəyi zonalardakı sahələrdə taxıl biçən müasir kombaynların işləmə funksiyası əyani nümayiş etdirilir.
3 gün ərzində davam edəcək sərgidə ilk dəfə olaraq “Regional İnkişaf” İctimai Birliyinin və “Aqrar İnkişaf Könüllüləri” könüllüləri də iştirak edirlər.