Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Səfiri təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Tərəflər dövlət başçıları, hökumət nümayəndələri və parlamentlər arasında intensiv təmasların strateji münasibətlərin inkişafında vacib rol oynadığını diqqətə çatdırıblar.

Müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, humanitar, təhsil və s. üzrə çoxşaxəli əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından strateji dialoq, habelə siyasi məsləhətləşmələr mexanizmlərindən istifadənin vacibliyi vurğulanıb. Xüsusilə Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində genişlənməkdə olan əməkdaşlığa əlavə impuls verəcəyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

İtaliya şirkətlərinin yenidənqurma səylərinə töhfəsi məmnunluqla qeyd edilib. Ölkəmizdə mina təhdidi məsələsi diqqətə çatdırılıb, minasızlaşdırma fəaliyyəti sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə aparılan danışıqlar prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29-a sədrliyimiz çərçivəsində, o cümlədən İtaliya ilə əməkdaşlıqdan məmnunluq duyacağımızı bildirib.

Ölkəmizdə səfir təyin olunmasından məmnun olduğunu bildirən Luka Di Canfrançesko fəaliyyəti müddətində mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər