Azərbaycan jurnalistləri bəyanat yayıb

Azərbaycan jurnalistləri bəyanat yayıb.

Mətbuat Şurasından QİA.AZ-a verilən məlumata görə, bəyanatda deyilir:

“Sərhədsiz repartyorlar” təşkilatı Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirir. Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə həqiqətə uyğun olmayan iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir. “Sərhədsiz reportyorlar”ın aşkar manipulyasiyası Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində təəssüf və hiddət doğurur.

Bəşəri dəyərlər olan söz və ifadə azadlığının hansısa təşkilatın və ya onun xidmət etdiyi dairələrin maraq və mənafelərinin təminatında alətə çevrilməsi son dərəcə təhlükəli və zərərli tendensiyadır, haqq və ədalət anlayışına aşkar həqarətdir. Azərbaycan jurnalistləri buna etirazını bildirir, bu halı qəti şəkildə pisləyirlər.

“Sərhədsiz reportyorlar” 44 günlük Vətən Müharibəsi dövründə öz vəzifə borcunu yerinə yetirmiş Azərbaycan və xarici jurnalistlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmasına heç bir münasibət bildirmədi. Təşkilat azərbaycanlı jurnalistlər – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və AZTV-nin operatoru Sirac Abışovun Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirmələrinə mahiyyətdən uzaq, ümumi səciyyə daşıyan reaksiya verməklə kifayətləndi. Digər tərəfdən, qurum hər hansı real fakta əsaslanmadan guya azərbaycanlı hərbçilərin Ermənistanla Azərbaycanın sərhəddində çəkiliş aparan ispaniyalı jurnalistləri ölümlə hədələdiklərini iddia etdi. Belə yarıtmaz dəst-xətt seçmiş təşkilatın söz və ifadə azadlığının müdafiəçisi qismində çıxış etməsi bu sahədə beynəlxalq səviyyədə ciddi problemlər olduğunu göstərir.

Azərbaycan jurnalistləri bir daha dünya ictimaiyyətini “Sərhədsiz reportyorlar” kimi bəşəri dəyərlər manipulyatoruna, mətbəxində qərəzin ən müxtəlif ağlagəlməz forma və metodları hazırlanan quruma qarşı səfərbər olmağa çağırır. Heç bir sığorta yoxdur ki, Azərbaycana qarşı seçilmiş primitiv metodlar nə zamansa digər dünya ölkələrinə qarşı da tətbiq olunmayacaqdır. Tətbiq olunur da. Bundan zərər görən isə bütövlükdə bəşəri dəyərlərdir – söz və ifadə azadlığıdır.

“Sərhədsiz repotyorlar”a münasibətdə beynəlxalq ictimaiyyətin ciddi ictimai qınağı olmalıdır. Ciddi, sərt ictimai qınaq formalaşmadıqca azad media prinsipləri siyasi maraq və mənafelərin həyata keçirilməsində alətə çevrilmiş durumda qalacaq. Azərbaycan jurnalistlərini naharat edən həm də budur. Biz, bu durumun aradan qaldırılması, “Sərhədsiz reportyorlar”ın ölkəmizə münasibətdə yol verdiyi haqsızlığın durdurulması naminə əməkdaşlığa, əsl həqiqətləri bölüşməyə, müzakirələr aparmağa hazırıq”.

Bəyanata imza atıblar:

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri;

Ayaz Mirzəyev, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri;

Xanoğlan Əhmədov, Media və Mülki Cəmiyyət İB-nin rəhbəri;

Azər Xəlilov, ATV kanalının rəhbəri;

Radik İsmayılov, ARB kanalının rəhbəri;

Orxan Fikrətoğlu, müstəqil jurnalist;

Vüsalə Mahirqızı, APA Holdinqin rəhbəri;

Məzahir Süleymanzadə, veteran jurnalist;

Akif Cabbarov, veteran jurnalist;

Umud Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri;

Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru;

Tahir Aydınoğlu, “Xalq qəzeti”nin baş redaktorunun müavini;

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru;

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru;

Emin Əliyev, Day.az portalının baş redaktoru;

Həmid Həmidov, “Global Media Group”un media direktoru;

Vüsal Məmmədov, Vzqlyad.az portalının rəhbəri;

Murad Əliyev, “Report” İnformasiya Agentliyinin direktoru;

Cəsarət Hüseynzadə, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin rəhbəri;

Zaur Məmmədov, Bakı Politoloqlar Klubu İB-nin rəhbəri.

Oxşar Xəbərlər