Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirinə yekun vurulub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın qalibi “Azəryol”la Özbəkistan milli komandasının oyununda müəyyənləşib.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Azəryol”u favorit sayanlar yanılmayıblar. Fasiləyə iki topluq üstünlüklə yollanan həndbolçularımız ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. Özbəkistan millisinin bütün cəhdlərinə rəğmən üstünlüyü qoruyan “Azəryol” 32:29 hesablı qələbə ilə turnirin qalibi adını qazanıb.
Üçüncü yer uğrunda görüş də Azərbaycan təmsilçisinin qələbəsi ilə nəticələnib. Qazaxıstanın “Astana” kollektivi ilə oyunda daha inamlı oyun nümayiş etdirən “Qarabağ” 32:28 hesablı qələbə ilə mükafatçılar sırasında yer alıb. Astana (Qazaxıstan), Kür və “Alatau Arulary” (Qazaxıstan) müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb.
Yarış başa çatdıqdan sonra Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev, Olimpiya çempionu Lüdmila Şubina, və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Erkan Sağdıçın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Fərqlənən komandalara kubok, diplom və hədiyyələr, yarışın qalibi “Azəryol”a isə həm də fəxri kubok təqdim olunub.