Azərbaycan Kuboku layihəsinin qalibləri məlum oldu

Azərbaycan Kuboku layihəsinin qalibləri məlum oldu

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilatçılığı ilə Bakı və  region gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Kuboku layihəsinin final mərhələsi yekunlaşdı. 


Final  mərhələsinin açılışında layihə rəhbəri Azad Manaflı Azərbaycan Kuboku barədə iştirakçılara geniş məlumat verib, belə oyunların gəncliyimiz üçün önəmini qeyd edib və iştirakçıları növbəti layihələrdə də görmək istədiyini bildirib.

Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov nazirliyin gənclər təşkilatları üçün yaratdığı şəraitdən danışdı və gənclərin öz layihələrini reallaşdırmaq üçün rahatlıqla müraciət edə biləcəyini bildirdi. 

Layihənin final mərhələsinin iştirakçılarını müəyyən etmək üçün seçim turları keçirildi. 65-dən artıq komanda və 300-dən artıq gəncin iştirakı ilə Bakı şəhərində baş tutan 2 seçim turundan sonra Bakı şəhərindən 11 komanda, region seçimindən isə 1 komanda finala vəsiqə qazandı. Peşəkar İntellekt Liqası və Gənclər İntellekt Liqasının qalibləri, həmçinin Regional Azərbaycan Kubokunda əsas kuboka və kiçik kuboka sahib olmuş 2 komanda final mərhələsinə birbaşa iştirak haqqını əldə etdilər. 

Bakı şəhərində 16 komandanın iştirakı ilə baş tutan final mərhələsində  Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, ədəbiyyatı, adət-ənənələri, incəsənəti, onun tarixi şəxsiyyətləri, ərazi bütövlüyü və s. haqqında müxtəlif sual səsləndirilib. Komandaların gərgin mübarizəsi altında keçən yarışmanın sonunda qalibi müəyyən etmək mümkün olub.
Yekunda böyük kubokda Avalon komandası birinci yerin, Nirvana komandası ikinci, Santa Klara komandası isə üçüncü yerin sahibi olmuşdur. 

Kiçik kubokda isə Vendomat komandası qalib, Prestige komandası ikinci, Jagermeister komandası isə üçüncü yerin sahibi oldu. Qaliblərə kubok, medal, sertifikat və digər dəyərli hədiyyələr təqdim edilmişdir.

Oxşar Xəbərlər