Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında “Azərbaycan” pavilyonu ilə tanış olublar.
QİA.AZ xəbər verir, məlumata görə, KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan” pavilyonunda bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. “Made in Azerbaijan” brendi ilə nümayiş olunur.
Sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun “Global Village” yarmarkasının rəhbər şəxsləri ilə görüşündə “Azərbaycan” pavilyonuna ziyarətçilər tərəfindən böyük marağın olduğu, növbəti illərdə pavilyonun genişləndirilməsi potensialı vurğulanıb.
Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Hər il oktyabr ayından növbəti ilin aprel ayınadək təşkil olunan yarmarkada KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən təmsil olunur.