Azərbaycan Mangistauda Dostluq xiyabanı salmağı təklif edib

Sentyabrın 5-də Mangistau vilayəti icra hakimiyyəti orqanının başçısı Nurdaulet Kilıbay və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov arasında keçirilən görüşdə ikitərəfli siyasi, iqtisadi-ticari, nəqliyyat-logistika, enerji, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC Mangistau vilayəti akimatına istinadla xəbər verir ki, səfir görüş zamanı Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamda 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirib.

Bununla əlaqədar, cari ilin payızına planlaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (СОР29) çərçivəsində “Azərbaycan və Qazaxıstan xalqlarının Dostluq xiyabanı” layihəsini həyata keçirmək təklifi irəli sürülüb.

Layihə Azərbaycanın Qırmızı Kitabına düşmüş növlər də daxil olmaqla 150 ağacın əkilməsi, eləcə də “Xalqlar dostluğu” yazısı olan stelanın quraşdırılmasını nəzərdə tutur.

Vilayətin akimi Nurdaulet Kilıbay səfirliyin təkliflərini dəstəkləyib, iki ölkə arasında dostluq münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığı gücləndirdiyini qeyd edib.

Azərbaycan Mangistau vilayətinin xarici ticarət əlaqələrində mühüm rol oynayır. 2024-cü ilin yanvar-iyun aylarında Mangistau vilayəti ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 38,3 milyon ABŞ dolları olub; ixrac 35,2 milyon, idxal isə 3,1 milyon ABŞ dollarına çatıb.

Mangistau vilayətinin iqtisadiyyatının müxtəlif sahələrində Azərbaycan kapitalının iştirakı ilə 229 müəssisə qeydiyyatdan keçib.

Oxşar Xəbərlər