Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub – FOTO

Özbəkistanın Səmərqənd şəhərində “Səmərqənd – MDB-nin mədəniyyət paytaxtı – 2024” dövlətlərarası proqram çərçivəsində “Kitabxanalar birliyi: tərəfdaşlıq və innovasiya” mövzusunda Müstəqil Dövlətlər Birliyi (MDB) kitabxanaçılarının beynəlxalq konfransı keçirilib. Konfransda ölkəmizi Azərbaycan Milli Kitabxananasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova təmsil edib.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbirdə Səmərqənd vilayətinin hakimi Erkinjon Turdimov, Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov, Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjan Xocayev, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun müşaviri Kamol Rəhimov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, Avrasiya Kitabxanalar Assambleyasının prezidenti Vadim Duda çıxış ediblər.

Beynəlxalq konfransda Ədibə İsmayılova “Kitabxana-informasiya sahəsində süni intellektdən istifadənin üstünlükləri” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Direktor müavini süni intellekt texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqindən danışıb, dünyanın aparıcı elmi mərkəzlərində bu texnologiyaların elmi-nəzəri və praktiki problemlərinin geniş şəkildə tədqiq edildiyini vurğulayıb.

O qeyd edib ki, süni intellektin kitabxana-informasiya sahəsinə tətbiqi bu sahədə yeni xidmətlərin inkişafı üçün imkanlar açır. Kitabxana və informasiya sahəsində süni intellektin tətbiqi kitabxana proseslərini təkmilləşdirməyə və istifadəçilərə daha səmərəli informasiya xidmətləri təqdim etməyə kömək edən bir çox üstünlüklərə malikdir. Süni intellektin kitabxana və informasiya sahəsinə tətbiqi biblioqrafik verilənlər bazalarının, ilk növbədə elektron kataloqun axtarış imkanlarının təkmilləşdirilməsinə imkan verir. Süni intellektdən istifadə materialların indeksləşdirilməsi və kataloqlaşdırılması, istifadəçi sorğularının işlənməsi, məlumatların təhlili və s. kimi bir çox gündəlik işləri avtomatlaşdırmağa imkan verir. Bu, kitabxanalara vaxt və resurslara qənaət etməyə və proseslərin səmərəliliyini artırmağa imkan yaradır.

Direktor müavini, həmçinin Səmərqənd Regional Kitabxana-İnformasiya Mərkəzində keçirilən “Rəqəmsal nəslin informasiya mədəniyyəti: Özbəkistan kitabxanalarında uşaq və gənclərin media və informasiya savadlılığının formalaşdırılması layihəsinin həyata keçirilməsi üçün yeni istiqamətlər” (Özbəkistan Milli Kitabxanası və Moskva Dövlət Mədəniyyət İnstitutu arasında əməkdaşlıq çərçivəsində) mövzusunda elmi-praktik seminarda və “Kitabxanaların sərhədlərarası əməkdaşlığı: beynəlxalq qarşılıqlı fəaliyyətin yeni perspektivləri” mövzusunda Avrasiya Kitabxanalar Assambleyası çərçivəsində Mərkəzi Asiya transsərhəd kitabxanalarının direktorlarının xüsusi gorüşündə (Rusiya Dövlət Kitabxanasının nümayəndələrinin videobağlantısı ilə) iştirak edib.

Oxşar Xəbərlər