Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb

Kiyevdə keçirilən bədii gimnastika 36-cı Avropa çempionatında Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yeri tutdu.

QİA.AZ-ın məlumatına görə, çempionatın ikinci günü 3 halqa və 2 cüt gürzlərlə proqramda Ləman Əlimuradova, Zeynəb Hümmətova, Elizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət Azərbaycan komandası hakimlərdən 31.700 xal alıb.

Xatırladaq ki, çempionatın ilk günündə qrup hərəkətlərində beş topla proqramda Azərbaycan millisi 34 600 xal toplayaraq ən yaxşı nəticəni göstərdi.

Ümumilikdə iki çıxışda Azərbaycan komandasının nəticəsi 66.300 xal təşkil edib, nəticədə komanda çoxnövçülükdə gümüş medal qazanıb.

Azərbaycan milli komandası, həmçinin “gənclər” yaş kateqoriyasında gimnastların çıxışlarının və qrup komandalarının nəticələrinin ümumiləşdirildiyi komanda çempionatında üçüncü yeri tutdu və yekunda 226.175 xal toplayıb.

Bədii gimnastika üzrə Avropa Çempionatı 26-29 noyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Azərbaycanı çempionatda 11 gimnastımız təmsil edir.

Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 23 ölkədən olan idmançılar iştirak edirlər.

Oxşar Xəbərlər