Yazgül Abdıyeva: “Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir”  

Nəciblik, paklıq simvolu olan müqqəddəs Ana, dünya şöhrətli alim Zərifə xanımı sevirik və həmişə sevəcəyik!  Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayır və yaşayacaq!

Zərifə xanımın tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı əks olunub.

Görkəmli oftalmoloq alim bu əsərində həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir.

Alim həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə xoş sözlər deyiblər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı.

Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyəti barədə deyirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. Bir ümumi dəftərə o yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünyaşöhrətli alim adlandıraraq “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik” – demişdir.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, elmi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bir sözlə, təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç zaman itirməyəcək.

Yazgül Abdıyeva

Həkim-oftalmoloq

Oxşar Xəbərlər