Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
QİA.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 135-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2024-cü il martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəndə söyləyib. Müsahibənin tam mətni ilə çoxcildliyin yeni kitabında tanış olmaq mümkündür.
Kitabda toplanmış materiallar 2024-cü ilin mart-aprel aylarını əhatə edir.
Nəşrdə Azərbaycanın dövlət müstəqilliyi dövründə ilk dəfə respublikamızın bütün ərazisində keçirilmiş prezident seçkilərində qazandığı qələbə münasibətilə Prezident İlham Əliyevə göndərilmiş təbrik məktubları verilib.
Çoxcildliyin 135-ci kitabında dövlətimizin başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən bir sıra yüksəkvəzifəli şəxslər ilə görüşlərinə dair informasiyalar toplanıb.
Prezident İlham Əliyev mart ayında, həmçinin Azərbaycana dövlət səfəri etmiş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxış edib, səfər çərçivəsində sənədlər imzalanıb, iki ölkənin prezidentləri birgə mətbuata bəyanatlarla çıxışlar ediblər. Bütün bunlarla, eləcə də dövlət səfəri çərçivəsində Füzuli rayonuna gedən Qazaxıstan Prezidentinin orada Azərbaycan Prezidenti tərəfindən qarşılanmasına və iki ölkənin liderlərinin Füzuli şəhərində iştirak etdikləri tədbirlərə, habelə birgə Şuşa şəhərinə səfərlərinə dair materiallarla yeni kitabda tanış olmaq mümkündür.
Mart ayının mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi olub. Yeni nəşrə dövlətimizin başçısının Forumda çıxışının mətni və bu tədbirdə iştirak etmək üçün Azərbaycana gəlmiş beynəlxalq təşkilatların rəhbərləri, yüksəkvəzifəli şəxslərlə görüşləri haqqında məlumatlar da daxil edilib.
Oxucu bu kitabda Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin, Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, NATO-nun Baş katibi Yens Stoltenberq, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə keçirdiyi görüşlərə dair materiallarla da tanış ola bilər. Dövlətimizin başçısının Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti ilə, eləcə də iki ölkənin dövlət başçılarının Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşlərinə dair informasiyalar da bu kitabda verilib.
Yeni kitaba dövlətimizin başçısının 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikinin, Novruz bayramı münasibətilə Xankəndi şəhərində tonqal başından Azərbaycan xalqına müraciətinin və Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətnləri də daxil edilib.
Aprel aynın mühüm hadisələrində biri ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” Forumu olub. Dövlətimizin başçısı Forumda iştirak edib və çoxsaylı sualları cavablandırıb. Bu materialların bir qismi 135-ci kitaba daxil edib, həcm baxımından geniş olan Forumun materiallarının digər hissəsinin isə 136-cı kitaba salınması nəzərdə tutulur.
Bu nəşrdə, həmçinin dövlətimizin başçısının aprel ayında Hacıqabul, Qəbələ rayonlarına, Gəncə şəhərinə səfərləri haqqında materiallarla da tanış olmaq mümkündür.
“Azərnəşr” tərəfindən buraxılan 135-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.