Azərbaycan Prezidenti: Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi

Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.

QİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində danışıb.

Birinci Qarabağ müharibəsinin Azərbaycan üçün böyük faciə, milli faciə olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başladı. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparıldı. Nizami ordu quruculuğu məhz o illərdə başladı.

Oxşar Xəbərlər