Azərbaycan Prezidenti bu il dörd ölkəyə səfər edib

“İl ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib”.

“QİA.AZ” xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2020-ci ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb.

Məlumata görə, Azərbaycanın xarici işlər naziri il ərzində İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.

“Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın Prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər”, – nazirlikdən bildirilib.

“Cari il ərzində bir sıra çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib.

Azərbaycanla Türkiyə, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya Respublikası, Serbiya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası və Çin Xalq Respublikası arasında bu il 28 beynəlxalq müqavilə imzalanıb.

2020-ci il 25 fevral tarixində imzalanmış və avqust ayında qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”ə əsasən hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilmişdir. 2020-ci ilin 10 dekabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” imzalanmışdır. Sözügedən Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçəmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzalanıb.

Ümumilikdə, cari ildə Türkiyə Respublikası, Türkmənistan, Macarıstan, Bolqarıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Ukrayna, Çin Xalq Respublikası, Serbiya Respublikası, Meksika Birləşmiş Ştatları, Polşa Respublikası, Monteneqro, Koreya Respublikası, Niderland Krallığı, İtaliya Respublikası, İordaniya Haşimilər Krallığı və Tacikistan Respublikası ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin edilib.

Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilib”, – XİN-in illik mətbuat buraxılışında vurğulanıb.

Oxşar Xəbərlər