Azərbaycan Prezidenti: İqlim problemlərinin həllinə töhfə üçün səylərimizi əsirgəməməliyik

Azərbaycan Prezidenti İlham Əliyev iqlim problemlərinin həllində qlobal əməkdaşlığın vacibliyini qeyd edir.

QİA.az-ın məlumatına görə, bunu dövlət başçısı Berlində “Euronews” telekanalına “Petersberq İqlim Dialoqu” konfransı çərçivəsində deyib.

“Bu, bizim ümumi vəzifəmizdir və öz töhfəmizi vermək üçün əlimizdən gələni əsirgəməməliyik. Əlbəttə, hər bir ölkə öz maliyyə imkanlarından və gündəliyindən asılı olaraq işini görməlidir”, – deyən Prezident İlham Əliyev əlavə edib ki, bu, asan deyil, çünki dünya müxtəlifdir və hər ölkənin qarşısında çoxlu vəzifələr durur.

Telekanal xatırladıb ki, hazırkı “Petersberq İqlim Dialoqu” noyabrda Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransının gündəliyini müzakirə etmək imkanı verib.

“Çıxış edənlərin bir çoxu qeyd etdi ki, keçən il BƏƏ-də keçirilən COP28 iqlim ambisiyaları ilə bağlı qlobal konsensus üçün müəyyənedici istinad nöqtəsi oldu”, – telekanal qeyd edib.

COP Prezidentləri üçlüyü hökumətləri cəsarətli və iddialı qərarlar qəbul etməyə sövq etmək məqsədi ilə COP 28 (BƏƏ), COP 29 (Azərbaycan) və COP 30 (Braziliya) arasında davamlılığı gücləndirməyə yönəlmiş təşəbbüsdür.

Telekanal həmçinin COP29-un prezidenti Muxtar Babayevdən sitat gətirərək qeyd edib ki, onun COP29 prezidentliyi üçün planı “ambisiyaları artırmaq və fəaliyyətə imkan vermək”dir.

“Euronews” qeyd edib ki, vədlərdən biri də ölkələrin fosil yanacaqlardan təmiz enerjiyə keçməsidir. Eyni zamanda, COP29-un baş icraçı direktoru Elnur Soltanovun Azərbaycanın fosil yanacaq olmadan canlı inkişaf modellərinin yaradılması üzərində iş aparması barədə sözləri sitat gətirilib.

“Söhbət enerji sistemlərinin fosil yanacaqlardan (təmiz enerjiyə) ədalətli və bərabər keçidindən gedir. Biz bunu qəti dəstəkləyirik. Ancaq yenə də beynəlxalq iqtisadi sistemin bütün quruluşu fosil yanacaqlara əsaslanır. Fosil yanacaqlardan istifadə etməyən alternativ inkişaf modellərinə ehtiyacımız var”, – E.Soltanov deyib.

Oxşar Xəbərlər