İşğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb.
QİA.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bildirib.
Dövlət başçısı deyib: “Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik. Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik. Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur”.