Azərbaycan Prezidenti: Paşinyanın təxribatçı əməllərinə cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq

Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq.

QİA.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etmişdir. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan danışmağa davam edir. Ancaq bunun artıq Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, artıq Ermənistanın daxili siyasətinə aiddir. Noyabrın 9-dan 10-na keçən gecə o, Bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz, həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik. Halbuki erməni quldurları və Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər. Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən məlumata görə, onlar orada bütün su elektrik stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və ağaclarımızı kəsmişlər. Özlərini vəhşi kimi aparmışlar – bu cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik. Mən işğaldan azad olunan ərazilərə səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə saldıqlarının şahidi oldum. Bu haqda məlumatım var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış. Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə onlar bu vasitə ilə məsafəni ölçməli idilər, yəni, məscid istinad nöqtəsi kimi istifadə edilirdi. Lakin biz Ağdamdan əks-hücuma keçmədik və onların gözləmədikləri istiqamətdən irəlilədik. Biz Ağdama bir güllə atmadan gəldik. Bunları danışmağıma səbəb bunun, ilk növbədə, həqiqət olmasıdır. Bundan əlavə, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim. Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdaşlarına yalan danışırdı. O, bu gün də yalan danışmağa davam edir. Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itkiləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın – şəhidlərimizin fotoşəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işğal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq”.

Oxşar Xəbərlər