Dağlıq Qarabağda altıncı həftədir münaqişənin davam etdiyinə baxmayaraq, Azərbaycan Cənubi Avropaya uzadılmış boru kəməri şəbəkəsinə təbii qazın tədarükü planlarının reallaşdırılmasını davam etdirəcək.
“QİA.AZ”ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, ümumi dəyəri 5 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi “Şahdəniz” yatağından illik 10 milyard kubmetrə qədər qaldırılması üçün bu ay hazır olacaq.
E. Nəsirov Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) nəzərdə tutaraq bildirib ki, iki həftədən sonra yeni bir infrastruktur hazır olacaq.
Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.