Azərbaycan regionun lideridir

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bir çox problemlərlə üz-üzə qaldı. İqtisadi çətinliklər, istehsalın bütün sahələrində tənəzzül, ərzaq təhlükəsizliyi sahəsində böhran, siyasi idarəetmədə ciddi qüsurlar, paytaxtda hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycanı ciddi təhlükələr və təhdidlərlə üz-üzə qoymuşdu. Eyni zamanda, Azərbaycanda mövcud hərc-mərclikdən, özbaşınalıqdan, iqtisadi-sosial tənəzzüldən istifadə edən mənfur qonşularımızın işğalçılıq fəaliyyəti nəticəsində torpaqlarımızın böyük hissəsi işğal olunmuş, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Məhz belə bir ağır və taleyüklü zamanda xalqın müdrik yanaşması​, tələbi ilə Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və dövlətimizi parçalanmaqdan, dağılmaqdan, xalqımızı məhv olmaqdan xilas etdi.

Məhz Ulu Öndərin ardıcıl, davamlı, düşünülmüş və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan uçurumun kənarından uzaqlaşa, stabil inkişaf yoluna qədəm qoya bildi. Bir çox dünya dövlətləri, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu münasibətlər quruldu, işğal altında olan ərazilərimiz də daxil ərazi bütövlüyümüz tanındı, Azərbaycanı növbəti möhtəşəm uğurlara aparan “Əsrin müqaviləsi” imzalandı.

Lakin təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində buraxılan səhvlər və bu səhvlərin bir çox nəticələri Azərbaycanın növbəti inkişaf və çiçəklənmə dövründə belə, bizim üçün əhəmiyyətli problemlər yaratmış olurdu. Xüsusilə, erməni təcavüzü nəticəsində beynəlxalq səviyyədə qəbul edilən ərazilərimizin 20 faizinin işğal olunması və nəticədə bir milyona yaxın vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi Azərbaycanın sürətli və böyük inkişafı qarşısında ciddi maneəyə çevrilmişdi. Böyük sərvətlərə malik Qarabağ bölgəsinin potensialından inkişafımızın əsas bazası kimi istifadə edə bilmirdik. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə sivil vətəndaşlarımıza, yaşayış məntəqələrimizə qarşı ağır silahlardan istifadə etməklə təxribatlar törətdilər. Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və rəhbərliyi altında 27 sentyabrdan başlanan cavab tədbirləri və düşməni sülhə məcburetmə əməliyyatları ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında qalan, düşmən tərəfindən kəndlərimizin, şəhərlərimizin, mədəniyyət abidələrimizin vəhşicəsinə, barbarcasına məhv edildiyi torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi təmin olundu.

Hazırda möhtərəm Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti-quruculuq işləri başlayıb, infrastruktur layihələri həyata keçirilir. Cənnət guşəmiz Qarabağın bütün yerüstü və yeraltı sərvətləri Azərbaycan iqtisadiyyatının daha da stabil və ardıcıl inkişafına cəlb ediləcək. Azərbaycanın sahib olduğu siyasi-iqtisadi stabillik və təhlükəsizlik, biznesin inkişafına yaradılan münbit mühit iqtisadiyyata cəlb olunan investisiyaların həcminə də əhəmiyyətli təsir edəcək. Qarabağ bölgəsində, turizm, yeraltı təbii sərvətlərin, qiymətli filiz yataqlarının​ istismarı, bioenerji istehsalı sahələri ilə yanaşı, təbii münbit şərait kənd təsərrüfatı sahəsinin də sürətli inkişafına şərait yaradacaq. Qazanılmış qələbənin kənd təsərrüfatı üçün yeni imkanlar yaratması haqda ölkə Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri ilə görüşü zamanı demişdir: “Qarabağın böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib” .

İşğal olunmuş torpaqlarımızın azad olunması Cənubi Qafqaz regionunun inkişafına da mühüm töhfələr verəcək. Azərbaycanın rəhbərliyi və idarəçiliyi altında yeni kommunikasiya xətləri, enerji layihələri, transmilli logistik xətlər həyata keçiriləcək ki, bu da regionumuza davamlı sülh və inteqrasiya ilə yanaşı, əhəmiyyətli iqtisadi dividendlər də gətirəcək.

Lamiyə Quliyeva,
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru

Oxşar Xəbərlər