Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl Gələcək üçün İnnovativ Həllər” layihəsinin bağlanış tədbiri həyata keçirilib.
Qia.az xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, 11 nömrəli İnteqrasiya Təlimli İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva və Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin icraçı direktoru Vüsalə Kərimova çıxış edib. Hazırda ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şəraitin yaradıldığı və ekologiyanın qorunması üçün həyata keçiriləcək olan layihələrin əhəmiyyəti vurğulanıb.


Sonrakı mərhələdə isə beş komanda tərəfindən ekoloji ideyaların təqdimatı həyata keçirilmiş, münsiflər heyəti tərəfindən 3 qalib komanda seçilmişdir.
Qeyd edək ki, Azərbaycanın ekoloji problemlərinə innovativ yanaşmalar təqdim etmək məqsədilə həyata keçirilən layihə 11 nömrəli İnteqrasiya Təlimli İnternat məktəbinin şagirdlərində sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onları ekoloji problemlərin həlli istiqamətində təşəbbüskarlığa sövq etdirmişdir. Üç ay davam edən layihə çərçivəsində 25 nəfər məktəblidə sahibkar düşüncə tərzi formalaşmış, nəzəri məlumatlar əldə edərək, komandalar formasında öz ekoloji ideyalarını yaratmışdırlar.

Layihənin əsas məqsədi şagirdlərin ekoloji problemlərə həssaslığını artırmaq, onlara yaşıl sahibkarlıq düşüncəsini aşılamaq, gələcəyin daha davamlı və ekoloji məsuliyyətli cəmiyyətinin təməlini qoymaq idi. Bu çərçivədə məktəblilər həm sahibkarlıq bacarıqlarını inkişaf etdirdi, həm də gündəlik həyatda qarşılaşdıqları ekoloji problemlərin həlli üçün düşüncə tərzini dəyişdilər.

Tədbirin yekununda isə iştirakçıların hər biri sertifikat ilə təltif edilmiş və internat məktəbində info-tur həyata keçirilmişdir.
