Azərbaycanın Perudakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov 25 mart tarixində videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsinin surətini Peru Xarici Əlaqələr naziri Allan Vaqner Tizona təqdim edib.
QİA.AZ xəbər verir ki, görüş zamanı səfir ilk olaraq, A.V. Tizonun Peru Xarici Əlaqələr naziri vəzifəsinə təyin olunması münasibətilə onu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və öz adından təbrik edib.
Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən M.Talıbov, ənənəvi dostluq ruhunda inkişaf edən bu əlaqələrin hər zaman ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykəndiyini vurğulayıb.
Ölkələrimiz arasında energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, habelə ticarət dövriyyəsinin artırılması üçün böyük potensial olduğunu bildirib.
Ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini söyləyən Peru Xarici Əlaqələr naziri, M.Talıbovu Peruya səfir təyin olunması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində ona uğurlar arzulayıb.